Putindən inciyən Tramp Avropanı məyus etdi | VİDEO

   Putindən inciyən Tramp Avropanı məyus etdi    | VİDEO
  15 İyul 2025    Oxunub:676
ABŞ prezidenti Donald Tramp yaxın 50 gün ərzində Ukraynada sülhlə bağlı irəliləyiş olmadığı təqdirdə Rusiya ilə ticarət aparan ölkələrdən idxala 100%-ə qədər gömrük rüsumları qoyacağını vəd edib.
AzVision.az Almaniyanın “Spiegel” jurnalına istinadən xəbər verir ki, Avropada bu addımlar qeyri-kafi sayılıb və Vaşinqtonun bütün mövcud sanksiya potensialından istifadə etməməsi məyusluq doğurub.

Hətta Trampın avropalı müttəfiqlərin pulları hesabına 17 Patriot hava hücumundan müdafiə (HHM) sisteminin Ukraynaya verilməsi üçün Avropada yerləşdirilməsi qərarı da bu acı təəsüratı şirinləşdirə bilməyib.

“Səs-küylü bəyanata baxmayaraq, Avropa paytaxtlarının reaksiyası və Vaşinqtondakı atmosfer məyusluğu qabarıq şəkildə əks etdirir. Elan gözləniləndən daha təvazökar oldu. ABŞ prezidentinin tariflər və silah paketi ilə bağlı bəyanatı daha çox taktiki manevrə bənzəyir və hüquqi potensial - Rusiyanın bütün enerji resurslarına 500%-ə qədər rüsumların tətbiqi tələbsiz qaldı”, - nəşr vurğulayır.

“İkinci tariflər haqqında” qanun layihəsi
Donald Trampın Rusiyanın enerji resurslarını alan ölkələrdən idxala mümkün tariflər barədə bəyanatı respublikaçı senator Lindsi Qrem və demokrat senator Riçard Blümental tərəfindən hazırlanmış qanun layihəsinə istinad edir.

Bu sənəd Rusiyadan neft, qaz, uran və digər strateji resursları almağa davam edən ölkələrin mallarına 500%-ə qədər rüsumun tətbiqini nəzərdə tutur. Qanun layihəsi təkcə Moskvaya deyil, həm də onun əsas iqtisadi tərəfdaşlarına qarşı sanksiya təzyiqini genişləndirməyə yönəlib.

Qanun layihəsinin respublikaçılar arasında geniş dəstək almasına baxmayaraq, Ağ Ev Ukrayna ilə bağlı irəliləyiş olmayacağı halda “bəzi müddəaları tətbiq etməyə hazırlıq” bəyanatı ilə kifayətlənərək onun Konqresdə nəzərdən keçirilməsinə hələ başlamayıb.

50 günlük möhlət daha çox siyasi gedişdir
Münaqişənin həlli üzrə Rusiyaya verilən 50 günlük müddət bir sıra Avropa paytaxtlarında narahatlığa səbəb olub. Onlar davam edən münaqişə şəraitində bunu çox uzun vaxt itkisi və qeyri-adekvat addım kimi qiymətləndiriblər. Baltikyanı ölkələr və Polşa cəbhə xəttində vəziyyətin kritik olaraq qaldığına diqqət çəkirlər.

Trampın Ukrayna ilə bağlı siyasətində tez-tez baş verən dönüşlər ona etimadı sarsıdıb. Hava hücumundan müdafiə (HHM) təchizatında fasilədən sonra Trampın qəfil verdiyi anons Avropada “ehtiyatlı nikbinlik” reaksiyasına səbəb oldu, lakin şübhələr hələ də qalmaqdadır”, - “Politico” nəşri vurğulayır.

Moskva məmnundur
Avropada yaranmış bədbinliyə rəğmən, Rusiyada reaksiya daha sakit olub. Valyuta hərracları hadisələrə rublun bahalaşması ilə cavab verib - investorlar fasiləni Rusiya üçün qazanc fürsəti kimi qiymətləndiriblər. Bununla belə, Moskva Qərbin tətbiq etdiyi bütün məhdudiyyətlərin qanunsuz olması və onların tamamilə ləğvi mövqeyində israrlıdır.

Eyni zamanda, Vladimir Putin açıq bəyanatlarında, o cümlədən Donald Trampla son təmaslarında Rusiyanın dialoqdan imtina etmədiyini və hələ də münaqişənin həllinin diplomatik yollarını nəzərdən keçirdiyini təkrarlayıb. Lakin o, Moskvanın Ukrayna ilə bağlı məsələlərdə məqsədlərinin dəyişməz qaldığını iddia edir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Avropa   məyusluq  



Xəbər lenti